Alpinizm və Dağ Turizmi, Faydalı Məlumatlar

Alpinizm nədir və alpinizmin tarixi haqqında

Alpinist

Əzəmətli sıra dağlar. Uca qayalar. Göz qamaşdıran buzlaqlar. Hər tərəf ağappaq… Ətrafdakı sükutu hərdən bir qar uçqununun qopardığı gurultu pozur. Bütün bunlar çox qeyri-adidir. Min illərlə bu sirli aləm insanları özünə cəlb etmişdir. Çoxları qarlı zirvələri fəth etməyə səy göstərmiş, lakin uğursuzluğa uğrayanlar da az olmamışdır.

Təxminən iki yüz il bundan əvvəl iki nəfər isveçrəli Alp dağlarındakı Monblan zirvəsinə qalxa bilmişdi. O vaxtdan uca zirvələrə qalxmağı alpinizm adlandırmağa başlamışlar. Bir çoxları alpinizmi idman adlandırmaq istəmir, ancaq burada fiziki cəhətdən güclü və səbirli idmançılar toplaşmışlar. Yalnız cəsur, dözülməz və igid adamlar sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilər.

Bu gün Dağçılıq (Alpinizm) – Dağlarda gəzmək və düşərgə qurmaqla bərabər texniki vəsaitlərdən istifadə edərək dırmanma idmanını da əhatə edən bir təbiət idman növünə çevrilmişdir. 18-19-cu əsrlərdə Avropalı (İngilis və Fransızlar başda olmaqla) varlı təbəqənin boş vaxtlarını qiymətləndirmək və stabil keçən həyatlarını yeni macəralarla bəzəmə nəticəsində bir idman növü sayılmağa başlayan dağçılıq, 20-ci əsrin əvvəllərində başqa xalqların da maraq çevrəsinə dönüşməyə başlamışdır.

Beynəlxalq bir idman növünə çevrilməsi isə, 1931-ci ildə mərkəzi Cenevrədə olan Beynəlxalq Alpinistlər Birliyinin (UİAA) yaradılması ilə mümkün olmuşdur. Növbəti illərdə müəyyən texniki və təhlükəsizlik üsullarının inkişaf etdirilməsi ilə özünə xas intizamı və qanunları olan bir idman budağı halına çevrilən alpinistlik, bir çox təbiət idmanının da önünü açmışdır.

Birdən birə alpinist olmaq mümkün deyildir. Əvvəlcə uzun müddət inadla məşq etmək, marşrutları bilmək, kiçik zirvələrdən başlayıb get-gedə daha uca zirvələrə qalxmağı öyrənmək lazımdır. Yalnız bunlardan sonra ən uca zirvələri fəth etmək olar. Alpinistlər insan ayağı dəyməyən yerlərdən keçirlər. Dağlarda bədbəxt hadisə baş verən zaman ən müasir vertolyotlar, avtomobillər, heç bir texnika köməyə gedə bilməyəndə yalnız alpinistlər bu çətin işin öhdəsindən gəlirlər. Onları ölüm təhlükəsi gözləsə də, həmişə dara düşən adamın köməyinə tələsirlər.

Alpinistlərin xüsusi ləvazimatı var: küləkdən, yağışdan və qardan qorunmaq üçün xüsusi geyim, altı dişli ayaqqabı, buz baltası, ayaqqabılara bərkidilmiş xüsusi qırmaqlar, qayalara və buzluqlara keçirilən qırmaqlar, çəkiclər, çadırlar, yataq kisələri və başqa aksessuarlar.

Alpinistlər çox vaxt idman məqsədi ilə zirvəyə qalxarkən elmi araşdırmalar da aparırlar. Onlar uca dağ metrostansiyalarında işləyir, dağlarda su-elektrik stansiyalarının tikintisində iştirak edir, 7 min metr hündürlükdə müxtəlif aparatlar yerləşdirirlər. Ölkəmizdə alpinizm çox geniş yayılmışdır. Pamir dağlarındakı Lenin piki (7 134 metr) və Kommunizm piki (7 495 metr) Azərbaycan alpinistləri tərəfindən fəth edilmişdir. 

Oxşar Yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir