Faydalı Məlumatlar

Gəzinti turizminin 2 fərqli növü – Hiking və Treking

Trekkinq

Bir çox lüğətlərdə hiking və trekking sözlərinin açıqlamaları bir-birinə çox bənzəsə də, bu terminlərin fərqləndirici cəhətləri də vardır. Belə ki, hərfi anlamda hikinq “hike” sözündəndir və gəzmək, yürüş etmək, piyada çox yol qət etmək anlamına gəlir. Oksford izahlı lügətində “ölkə ərazisində zövq almaq üçün uzun gəzintilərə getmək fəaliyyəti” kimi izah olunur. Bu izahdan belə aydın olur ki, hikinq şəhərdən kənar, təbiətdə uzun piyada gəzintilərə getmək fəaliyyətidir. Hikinq adı altında özəlliklə dağ yürüşləri çox populardır.

Trekkinq isə “trek” sözündən olmaqla, “səyahət etmək, yürüş etmək və dağlara qalxmaq anlamına gələrək, zövq və maraq məqsədilə uzun məsafələrə piyada gəzinti fəaliyyəti ilə məşğul olmaq“ kimi izah olunur.

Yalnız terminlərin izahını verməklə bu fəaliyyət növləri arasında böyük bir fərq görmək mümkün deyil. Deməli burada mütləq başqa diqqət yetirilməli bir məqam var. Bunu aydınlaşdırmaq üçün mütləq mütəxəssislərin fikirlərinə nəzər yetirmək lazımdır. Sən demə, uzun müddətdir bu işlə məşğul olan şəxslər artıq bu fəaliyyətlərin özünəməxsus özəlliklərini müəyyənləşdiriblər. Məhz bu sahələrin mütəxəssislərinin fikirləri ilə tanış olanda, bu anlayışların nəzərəçarpacaq fərqlərini görə bilərik.

İlk öncə məlum olur ki, bu fəaliyyətlərin hər ikisini, başlanğıcda vurğuladığımız kimi, sadəcə yürüş adlandırmaq olar. Yəni insan evdən, şəhərdən və b. aralanır və təbiətdə yürüşə başlayır. Bu hikinq və trekkinqin ən ortaq cəhətidir. Ancaq hazırlıq, yürüş müddəti, gedilən yollar, fiziki hazırlıq və başqa işlər bu fəaliyyətləri bir-birindən tamamilə fərqləndirir.

Gəlin hikinq və trekkinqin fərqlərinə yuxarıda vurğulanan özəlliklərə uyğun baxaq. Bu arada bir məqamı da qeyd edim ki, hikinq ilə məşğul olan şəxlər “hiker”, trekkinq ilə məşğul olanlar isə “trekker” adlandırılır. Təbii ki, bu tip fəaliyyətlər gəzinti turizminin növləri olduğu üçün bu şəxsləri sadəcə turist də adlandırmaq olar.

“Hiking” və “trekking”-i ən başlıca fərqlərindirən cəhətlərdən biri məhz bu fəaliyyət növlərinə sərf olunan vaxtdır. Bir çox mütəxəssislər hikinqi bir günlük yürüş kimi qiymətləndirir. Belə ki, hikinqin müddəti 2 və 10 saat arasında dəyişə bilər. Trekkinq isə ən azı iki gün, bir həftə, bir ay və hətta daha çox ola bilər.

Burada bir məqamı da vurğulayım ki, hikerlər turistlər üçün nəzərdə tutulan müxtəlif düşərgələrdə, evlərdə və b. turistik məkanlarda gecələyərək hər gün müəyyən, öncədən bilinən marşrut üzrə hərəkətini günlərlə davam edə bilər. Ancaq bu halda belə bu tip turistik fəaliyyətin trekkinq adlandırılması doğru hesab olunmur.

Hikinq – meşə, dağ və ya düzən ərazidə yerləşən milli parklarda, müxtəlif dövlət qoruqlarında və b. həyata keçirilən yürüş formasıdır. Hikinq üçün nəzərdə tutulmuş yollar bir çox hallarda əvvəlcədən məlum olur və bu yolları qısa müddət ərzində qət etmək mümkündür. Bəzi ölkələrdəki hikinq parkurlarında turistlərin yürüşünü rahatlaşdırmaq üçün özəl işarələr belə olur. Bir qayda olaraq hikinqin başlanğıc və bitmə nöqtələri çox dəqiq təyin olunduğu üçün, hikerlər təhlükəsizlik məqsədi ilə əsas marşrutdan demək olar ki, çıxmırlar.

Trekkinq isə gedilən yollara görə hikinqdən təmamilə fərqlənir. Çünki trekkinq zamanı yürüş yolları tez-tez dəyişir. Belə ki, trekkinq edən şəxs meşədən dağa, dağdan düzənliyə, gölə, dənizə və başqa ən müxtəlif istiqamətlərdə hərəkət edə bilər. Trekkinq edən şəxs istiqamətini özü müəyyən edir və bu əvvəlcədən düşünülmüş də ola bilər, düşünülməmiş də. Trekkerlər daha sərbəstdirlər. Onları yürüş mütəxəssisləri də adlandırmaq olar. Onlar sınaqdan keçirmək istədikləri ən ağlasığmaz marşrutları belə seçə bilərlər. Məhz trekkerlər gələcək hikerlər üçün yeni, heç gedilməmiş yollar axtarışında olurlar. Trekkinqə zirvə yürüşləri də aid ola bildiyi üçün bu onu idmana, özəlliklə alpinizmə daha yaxın edir.

Hikinq bir qayda olaraq çox planlaşdırma tələb etmir, çünki yürüş yolları və həmin yürüşə sərf oluncaq vaxt, bir çox hallarda əvvəlcədən məlum olur. Bununla belə, hikerlərin yürüş olunacaq yerin xüsusiyyətlərinə uyğun olaraq hazırlanması mütləqdir. Hikinqin yalnız bir neçə saat davam edəcəyi gözlənilsə belə, özünüzlə kifayət qədər qida və su götürməyi unutmayın. Bəzən hikinq edən zaman məlum yollardan əlavə yeni yerlər də kəşf etmək istəyə bilərsiniz. Buna görə də yola kifayət qədər hazırlıqlı çıxmağınız məsləhətdir. Əgər bu sahədə yenisinizsə məlum olan hikinq parkurlarından çıxmağınız heç də məsləhət deyil.

Trekkinq isə sizdən daha geniş planlaşdırma tələb edir. Çünki trekkinq etməyə hazırlaşan zaman siz artıq müəyyən marşrut üzrə hərəkət edən turist yox, bir növ kəşfiyyatçısınız. Fəth etmək istədiyiniz yerlər haqqında əvvəlcədən düşünməli, onları xəritədə tapmalı və ətraflı araşdırmalısınız. Trekkinq nə qədər müstəqil yürüş növü kimi görünsə belə, hər bir trekker mütləq öncədən öz yürüşünə ciddi hazırlıq prosesi həyata keçirir. Təbii olaraq trekkerlərə yürüş üçün lazım olan ləvazimatlar daha çox və müxtəlif çeşidlidir. Burada qida ehtiyyatı trekkerin seçdiyi yollara, müddətə və b. görə dəyişə bilər.

Fiziki hazırlıq hər iki fəaliyyət növü üçün çox önəmlidir. Ancaq demək olar ki, trekkinq üçün daha aktiv həyat tərzi keçirmək mütləqdir. Nəzərə alsaq ki, hikinq bir çox ölkələrdə dağlıq ərazilərdə yürüş kimi qiymətləndirilir, bu zaman da fiziki hazırlıqlı olmaq önəmli şərtlərdən biridir. Hikinqin bir turizm növü kimi inkişaf etdiyi ölkələrdə, müəyyən marşrutlar üzrə xüsusi bələdçi xidmətləri fəaliyyət göstərir və hikerlər hər hansı bir qəzaya qarşı tibbi sığorta olunur. Demək olar ki, bütün qərb ölkələrində, hikinq zamanı yarana biləcək hər hansı problemin aradan qaldırılması əvvəlcədən nəzərdə tutulur. Trekkinq üçün isə eyni sözü demək olmaz. Trekker mütləq öz marşrutunu (əgər məlumdursa) əvvəlcədən kimlərəsə bildirməlidir. Təhlükəsizlik baxımından ən zəruri ilkin tibbi yardım vəsitələrinin götürülməsi hər iki fəaliyyət növü üçün vacibdir.

Gəzinti turizminin bu iki növünün hər ikisi təbiətlə əvəzsiz ünsiyyət vasitəsidir. Hansına üstünlük verməyinizdən asılı olmayaraq, hər ikisi sağlam və aktiv həyat tərzinin göstəricisidir.

Oxşar Yazılar

Gəzinti turizminin 2 fərqli növü – Hiking və Treking” üçün bir rəy

  1. Doqquz Ay dedi ki:

    9AY.az – Azərbaycan qadınlarının ən sevimli saytı: https://9ay.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir