Faydalı Məlumatlar, Turizm Kompleksləri

“Şahdağ” – Azərbaycan dağlarında bir incidir

“Şahdağ” - Azərbaycan dağlarında bir incidir

“Şahdağ” turizm mərkəzi Azərbaycan tarixində ilk dağ-xizək kurortu və mübaliğəsiz deyə bilərik ki, indi ölkənin ən populyar turizm obyektidir. 2012-ci ildə fəaliyyətə başlamış bu kompleks bütün ilboyu dünyanın hər yerindən istirahətə gələnləri cəlb edir. Qış mövsümündə mərkəzin qonaqları mürəkkəblik dərəcələri müxtəlif olan 14 xizək yolundan və buz meydançasından istifadə edirlər.

Yayda isə turistlərə yaşıl təpəliklər arasında piyada gəzintiyə çıxmaq, at sürmək, kvadrosikldə, qravitasiya qüvvələrinə meydan oxuyan zip-layn attraksionunda (sürətli eniş üçün polad kanat) əylənmək imkanı təklif olunur. Burada ilin bütün fəsillərində bir neçə kanat yol, beş əla otel, çoxsaylı kafe və restoranlar, müxtəlif əyləncələr istirahət edənlərin xidmətindədir.

Şaxta və günəş

“Şahdağ” turizm mərkəzi Azərbaycanın Qusar rayonunda dəniz səviyyəsindən 1300-2300 metr yüksəklikdə yerləşir. Mərkəzin əsas hissəsi hündürlüyü 1440-1640 metr həddində dəyişən yayladır. Qusar şəhərindən Şahdağ” kompleksinə gedən avtomobil yolunda sürüşmə təhlükəsi tamamilə aradan qaldırılıb.

Turizm mərkəzindəki xizək yolları burada istirahət edənlər üçün səhər saat 8-dən açıqdır, ancaq saat 17:00-dan bu yollar bağlanır. Başqa sözlə desək, onların iş müddəti 9 saatdır. Yola sərf edəcəyiniz vaxtı, bir saatlıq nahar fasiləsini, habelə xizək avadanlığının seçilməsi və geyinmək üçün daha bir saat vaxt tələb olunduğunu da nəzərə almaq lazımdır. Buna görə də əgər yolunuz uzaqdırsa, səhər tezdən yola çıxmağı məsləhət görürük.

Kompleksə gedən yol boyunca ecazkar dağ mənzərələrini müşahidə edə bilərsiniz. “Şahdağ” turizm mərkəzinin lap yaxınlığındakı çayda isə alabalıq yetişdirilən kiçik balıqçılıq təsərrüfatı yaradılıb. İstəsəniz, burada təzə balıq ala bilərsiniz.

Kompleksin yamaclarından biri istisna olmaqla qalan yamacların hamısının üzü şimala baxır. Bu səbəbdən, ta bahara qədər burada yerdə qar olur. Qış vaxtı kompleksə gələnlərin diqqətini cəlb edən birinci məqam dağlarda gözqamaşdırıcı günəş şüaları altında parlayan qardır. Bu qeyri-adi mənzərə turistlərin əhvalını yaxşılaşdırır, fəal istirahətdən uzun müddət zövq almaq arzusu oyadır. Kompleksin rəhbərliyi isə qar örtüyünü ideal vəziyyətdə saxlamalıdır. Bütün kurort ərazisində quraşdırılmış və ona futurist görkəm verən xüsusi qar topları buna kömək edir.

Kompleksin infrastrukturu çox zəngindir. Burada çoxsaylı otellər, restoranlar, xizək yolları, liftlər var. Dağ-xizək kompleksinin xidmətləri barədə ətraflı məlumat almaq üçün “Şahdağ” informasiya mərkəzinə müraciət etməyi məsləhət görürük. Bu Mərkəz kompleksin girəcəyində “Zirvə” otelinin binasında yerləşir. Mərkəzin gənc əməkdaşları sizi maraqlandıran bütün suallara cavab verəcək, lazımi bukletləri sizə təqdim edəcəklər.

Kompleksdə yerləşmə qaydaları

Əgər siz bu kompleksdə bir sutka və daha çox qalmaq fikrindəsinizsə, ilk növbədə gecələmə yeri barədə düşünməlisiniz. Hazırda burada beş otel fəaliyyət göstərir: – “Zirvə” (4-ulduz), “Shahdag Hotel & Spa” (5-ulduz), “Gaya Residences” (ailəvi iqamətgahlar), “Pik Palas” (5-ulduz) və “Park Chalet” (4-ulduz).

Sözdən işə keçəndə

Kurortla ilk tanışlıq üçün ən yaxşı üsul buradakı çoxsaylı kanat yollarda gəzintiyə çıxmaqdır. Bu yolların hamısı dağın ətəyindən onun yamaclarına doğru aparır. Biz uzunluğu 1800 metr olan “Mono-Qondola” adlı yeni kanat yolundan istifadə etdik. Keçən il istifadəyə verilmiş bu yolda 56 bağlı kabinə var. Kanat yoldan ətrafdakı dağlara, xizək yollarına, kompleksin otel və restoranlarına panoram açılır. Açıq kabinəli kanat yolla gəzinti də çox güclü təsir bağışlayır. Buradan göz oxşayan mənzərələrin şəklini çəkmək olar.

“Şahdağ” kompleksi barədə ilk təəssüratlardan sonra sürüşməyə başlamaq olar. Əgər xizək sürmək təcrübəniz varsa, mürəkkəblik dərəcəsi zövqünüzə uyğun olan bir yol seçin. Əks halda, yəni xizək sürməyi ilk dəfə sınaqdan keçirmək istəyirsinizsə, buyurun təlimatçının yanına. Bir-iki saatlıq məşğələ sayəsində təlimatçı bunun üçün zəruri olan əsas texniki vərdişləri sizə öyrədəcək, xizəyi düzgün geyinmək və çıxarmaq, qar üstündə xizəklə necə hərəkət etmək, sürəti artırmaq, dönmək və sürəti azaltmaq, zədələnməmək üçün özünüzü necə aparmaq lazım olduğunu göstərəcəklər.

Peşəkarların fikrincə, ən yaxşısı xizək sürməyi lap əvvəldən düzgün öyrənməkdir, çünki əgər bu texnikanı düzgün mənimsəməsəniz, onu sonradan düzəltmək çətin olacaq. Buna görə də məsləhətimiz budur ki, təlimatçı ilə məşğələyə etinasız yanaşmayın.

Təmiz dağ havasında xizək sürəndən sonra iştahamız özünü göstərdi və biz “Tez Bazar” restoranına getdik. Restoranın geniş pavilyonunda xidmət prinsipi belədir: Siz yeməklər düzülmüş piştaxtalara yaxınlaşıb yemək seçir, aşpaz sizin seçdiyiniz xörəkləri nimçələrə yerləşdirir, sonra kassaya yaxınlaşıb ödəniş edirsiniz. Restoranın menyusunda müxtəlif çeşidli şorbalar, salatlar, ət xörəkləri, qarnirlər, desertlər, meyvələr, içkilər var.

Elə həmin binanın ikinci mərtəbəsində ənənəvi “Ləzzət” restoranı yerləşir. Burada daha rahat şəraitdə menyunu vərəqləyib seçdiyiniz yeməkləri sifariş verə bilərsiniz. Restoranlar saat 8:00-dan 21:00-dək işləyir.

Yeri gəlmişkən, kompleksin yamaclarından birində 2351 metr yüksəklikdə unikal restoranın tikintisi gedir. Tam əsasla deyə bilərik ki, bu, ölkəmizdə ən yüksək dağlıq ərazidə yerləşən restoran olacaq.

Şahdağ yayda

“Şahdağ” turizm mərkəzinin unikallığı ondan ibarətdir ki, bu mərkəz qonaqları ilboyu qəbul edə bilər. Yeri gəlmişkən, “Şahdağ” da xizəksürmə mövsümü təxminən dekabr ayında başlanır və martın axırına qədər davam edir. Kompleksdə süni qar örtüyü yaratmaq üçün hər cür imkan olduğuna baxmayaraq aprelin əvvəlində xizək yollarının fəaliyyəti dayandırılır və kompleks yay iş qrafikinə keçir. Bu o deməkdir ki, turistlər əvvəlki qayda üzrə turizm mərkəzinə gəlmək, onun zəngin infrastrukturundan istifadə etmək, dağlarda yay istirahətinin hədsiz imkanlarından ləzzət almaq hüququna malikdir.

İnsafən demək lazımdır, Şahdağda yay istirahəti qışdakından heç də geri qalmır. Ətraf təpələrdəki qar əriyən kimi alp çəmənliklərindəki müxtəlif otlar və çiçəklər baş qaldırır. Çayların şırıltısı, kəpənəklərin uçuşu, quşların oxuması hər kəsi valeh edir.

`Keçən il bu kompleksdə dərinliyi 2,2 metr olan “Snowmaking Reservoir” adlı son dərəcə gözəl süni göl yaradılıb.

Yay mövsümü başlayanda kompleksin ərazisində tennis kortları, futbol meydanları, basketbol meydançaları, örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri fəaliyyət göstərir. Burada istirahət edənlər piyada (trekinq) və at belində yürüşə çıxmaq, alpinistlər kimi dağa dırmanmaq, kvadrosikl, dağ velosipedləri, zip-layn kimi vasitələrdən istifadə etmək imkanına malikdirlər.

Sözardı əvəzi

Sakit istirahət həvəskarlarının “Şahdağ” kompleksinə adi günlərdə gəlməsi məsləhətdir. Belə günlərdə burada adam nisbətən az olur, yollarda və ictimai yerlərdə hərəkət etmək daha asan olur. Həftə sonunda kompleksə istirahətə gələnlər çoxalır. Buraya ailəvi şəkildə və böyük kompaniyalarla gəlirlər. Hazırda bu kurortda hər gün 10 min nəfərə qədər (gecələmək şərti ilə 1100 nəfər) turist qəbul etmək mümkündür. Lakin kompleksin infrastrukturu daim genişlənir və nəzərdə tutulan bütün obyektlər istifadəyə veriləndən sonra bu rəqəm qat-qat artacaq.

Burada istirahət edənlərin çoxu əcnəbilərdir. Beləliklə, “Şahdağ” təkcə turizm mərkəzi deyil. Bu kompleks Azərbaycanın populyarlaşmasında, ölkəmizin qədim tarixinin, mədəniyyətinin və bənzərsiz təbiətinin təbliğində önəmli rol oynayır. Bu isə dünya turizm sənayesində “Şahdağ” turizm kompleksinin əhəmiyyətini daha da artırır.

“Şahdağ” Turizm Mərkəzi – Shahdag Mountain Resort

Oxşar Yazılar

“Şahdağ” – Azərbaycan dağlarında bir incidir” üçün bir rəy

  1. Safe Union dedi ki:

    Azərbaycanda və Bakı şəhərində ucuz qiymətlərlə əməkdaşlar üçün xüsusi işçi geyimləri, uniforma və kombinezonların topdan istehsalı və satışı: https://safeunion.az/product-category/mehsullar/xususi-isci-geyimleri/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir